Nur Uşaq Evində qızılca təhlükəsi :3 uşaq xəstəxanaya yerləşdirilib
Cəmiyyət
24.02.2026
08:59
Nur Uşaq Evində qızılca xəstəliyinin geniş yayıldığı bildirilir. Verilən məlumata əsasən, hazırda 3 azyaşlı qızılca diaqnozu ilə 1 nömrəli Yoluxucu Xəstəliklər Xəstəxanasında müalicə alır.
Mənbələrin iddiasına görə, müəssisədə sanitar-epidemioloji qaydalara lazımi səviyyədə əməl olunmaması yoluxmanın artmasına səbəb olub. Bildirilir ki, xəstəliyin yayılma riskinə baxmayaraq, vaxtında izolyasiya və profilaktik tədbirlər tam şəkildə görülməyib.
Eyni zamanda qeyd olunur ki, bu uşaq evində baş verən daha əvvəlki bir hadisə də cəmiyyət arasında ciddi narahatlıq doğurmuşdu. İddialara əsasən, müəssisədə yol verilən məsuliyyətsizliklər fonunda Ömür Zeynov adlı azyaşlı yaxın müddət əvvəl həyatını itirmişdi. Hadisə ilə bağlı ictimaiyyətə geniş və rəsmi açıqlama verilməməsi sualları daha da artırıb.
Məsələ ilə əlaqədar aidiyyəti qurumların – səhiyyə və sosial xidmət strukturlarının vəziyyətə müdaxilə edib-etmədiyi, uşaq evində epidemioloji araşdırmanın aparılıb-aparılmadığı hələlik rəsmi şəkildə təsdiqlənməyib.
Qeyd edək ki, qızılca yüksək yoluxuculuğa malik infeksion xəstəlikdir və xüsusilə qapalı kollektivlərdə sürətlə yayıla bilir. Mütəxəssislər belə hallarda təcili karantin, peyvənd statusunun yoxlanılması və nəzarət tədbirlərinin gücləndirilməsinin vacibliyini vurğulayırlar.
Məsələ diqqət mərkəzində saxlanılır. Qarşı tərəfin və rəsmi qurumların mövqeyini dərc etməyə hazırıq.