Ölkəmizin dövlət və dövlət büdcəsi gəlirlərinin neft və qaz sektorundan asılı olduğu bəllidir. Cari ilin yanvar-fevral ayının gömrük statistikasına əsasən, ümumi ixracımızda neft-qaz sektoruna daxil məhsullar 89.82% pay təşkil edib. Bu isə o deməkdir ki, iqtisadiyyatda makrosabitlik qeyd olunan sahədə beynəlxalq bazarlardakı qiymətlərdən asılıdır.
Təxminən 2017-ci ildən bəri idi, bu qiymətlər əlverişli səviyyədə idi. Belə ki, 2014-2015-ci illərdəki böhrandan çıxmağımıza da əsas səbəb məhz, qeyd olunan ildən başlayaraq neftin qiymətinin bizə sərf edən istiqamətdə düzəlməsi oldu.
Əslində bu proses 2016-cı ilin ikinci yarısından etibarən özünü göstərməyə başlamışdı ki, OPEC+ ölkələrinin bazara nəzarəti ələ keçirməsi ilə 2014-cü ilin iyun ayından start götürən qiymət enişinin qarşısı alındı.
Düzdür, pandemiya ilində, yəni 2020-ci ildə də bir ara qiymətlər düşdü. Lakin xoşbəxtlikdən bu, uzun müddət davam edə bilmədi, o səbəbdən ki, OPEC+ qiymətlərin ucuz qalması qarşısını bu dəfə də aldı. Sonra isə Rusiya-Ukrayna müharibəsi və s. amillər ötən illərdə qiymətləri yüksəltdi.
Cari ildə isə vəziyyət dəyişib. Həm OPEC+ tərəfindən hasilatı artırmaq barədə qərarın qəbulu, həm də Tramp administrasiyasının tarif siyasəti aləmi biri-birinə qatıb...
Belə ki, Trampın tarif siyasəti hələ açıqlanmamışdan öncə də OPEC+ ölkələrinin hasilatı apreldən artırmaq haqda qərarları qiymətləri onsuz da aşağıya doğru çəkməyə başlamışdı. Trampın tarifləri isə buna əlavə təkan yaratdı.
Odur ki, ucuzlaşmanın real olaraq sanki proses halını alacağı qaçılmaz görünür.
Bu isə ən azı, dövlət büdcəmizdə neftin bir barelini 70 ABŞ dollarından götürməyimiz baxımından bizə sərfəli hesab edilmir. Lakin məsələ təkcə, qiymətdə də deyil.
2025-ci ilin birinci rübündə, ölkəmizdə kondensatla birlikdə 6.9 milyon ton neft hasil edilib ki, 5.7 milyon ton neft (kondensatla birlikdə) isə ixrac olunub. 2024-cü ilin eyni dövründə isə kondensatla birlikdə 7.3 milyon ton neft hasil edilmişdi ki, 6 milyon ton neft (kondensatla birlikdə) də ixrac olunmuşdu.
Göründüyü kimi, ötən ilin ilk üç ayı ərzindəki illə müqayisədə hasilat 400 min ton, ixracsa 300 min ton azalıb. Hansı ki, söhbət, necə deyərlər, təbii bir tendensiyadan gedir. Yəni, biz, addım-addım postneft dövrünə yaxınlaşırıq.
Belə bir fondasa qara qızılın beynəlxalq bazarlarda qiymətlərinin düşməsi təkcə büdcədə bir bareli 70 ABŞ dollarından götürməyimiz baxımından deyil, ümumiyyətlə sərfəli sayılmır. Qısa desəm, iqtisadi təhlükəsizliyimiz nöqteyi-nəzərindən xam neft qiymətlərinin ən azı 2030-cu ilə qədər 60 ABŞ dolları civarında qalmağı tələb olunur ki, həmin vaxta kimi qeyri-neft-qaz sektorundan gəlirlərimizi nisbətən də varsa kompensasiya edəcək səviyyəyə çatdıra bilək.